ABŞ ən böyük səhvini düzəldə biləcək?| Dünya ölkələri çip investisiyalarını artırır – ARAŞDIRMA
Ölkələr arasında mühüm rəqabət sahəsi olan yarımkeçirici (çip) investisiyaları ildən-ilə artır. Ümumi istehsalın 70%-nin Şərqi Asiyada həyata keçirildiyi bu sahədə epidemiyadan sonra artan ehtiyac xüsusilə inkişaf etmiş ölkələrdə bir-birinin ardınca investisiyaların reallaşmasına səbəb olub. Təkcə Çində 2018-2023-cü illər arasında 52 çip zavodu istifadəyə verildiyi halda, Cənubi Koreyada ümumi dəyəri 55 milyard dollar olan üç illik super stimul paketi hazırlanıb.
Avropa İttifaqı (Aİ) isə 33 milyard avro xərcləməni nəzərdə tutan Çip Qanununu qəbul edib. Qardaş Türkiyədə yarımkeçirici materialların istehsalı ilə bağlı ilk təkliflər 2007-ci ildə Elektron İxtisas Komissiyasının Hesabatına daxil edilib. Keçən müddət ərzində bəzi qəhrəmanlar yarımkeçirici istehsalına başladılar. Bu sahədə qurulan şirkətlərin sayı bir əldəki barmaq sayından çox olmadı. Mütəxəssislər bildirirlər ki, bu sahəyə ilk investisiyalar dövlətin dəstəyi ilə həyata keçirilməlidir.
Dünya çip müharibəsi
İkinci Dünya Çip Müharibəsinin ilk əlamətləri 2018-ci ilin yayında ortaya çıxdı. Çin 2014-cü ildə 2025-ci ilə qədər yarımkeçiricilərə 150 milyard dollar sərmayə qoyacağını elan etdikdən sonra ABŞ administrasiyası bəzi çiplərin Çinə ixracını qadağan etdi. ABŞ-ın Çinin ixrac etdiyi bəzi mallara rüsumları artırmasından sonra iki ölkə arasında gərginlik artdı. ABŞ-ın Çinin ZTE və “Huawei” şirkətlərinə və onların rəhbərlərinə qarşı sanksiyaları gərginliyi daha da artırdı. Çin və Tayvan arasında yeni gərginlik yarandıqda ABŞ administrasiyası yeni tədbirlər gördü və 2022-ci ilin avqustunda çip istehsalının yaxşılaşdırılması üçün 52,7 milyard dollar xərclənməsini nəzərdə tutan qanun qəbul edildi.
2022-ci il oktyabrın 21-də qüvvəyə minən tədbirlərlə ABŞ vətəndaşlarının və yaşıl kart sahiblərinin Çin şirkətlərində işləməsi qadağan edildi. Bundan əlavə, 36 Çin texnologiya şirkəti ilə kommersiya əlaqəsi olan şirkətlərə də sanksiyaların tətbiq ediləcəyi açıqlandı. Bu açıqlamadan sonra çip ləvazimatları istehsal edən Niderlandın ASML şirkəti, Britaniyanın çip istehsalçısı olan ARM şirkəti və Yaponiya yarımkeçirici istehsalçıları da Çinə maşın və yarımkeçirici material satmayacaqlarını açıqladılar. Beləliklə, Çip Müharibəsi daha da geniş vüsət aldı.
Birinci Dünya Çip Müharibəsi isə ötən əsrin 80-90-cı illərində Uzaq Şərqdə baş vermişdi. 1970-ci illərdə dünya çip istehsalının 60%-ni ABŞ, 15%-ni isə Yaponiya istehsal edirdi. Yaponiya tədqiqat və istehsalda bir irəliləyiş edərək dünya istehsalatının yarısını istehsal etməyə müvəffəq olduqda, istehsaldakı payı 35 faizə qədər azalan ABŞ gömrük rüsumlarını artıraraq ticarət müharibəsinə başladı. Sonrakı illərdə hər iki ölkənin dünya istehsalındakı payı azaldığından bu ticarət münaqişəsi öz sürətini itirdi.
Tayvan gərginliyinin investisiyalara təsiri
Pandemiya zamanı çipin tədarük zəncirindəki pozulmalar və Tayvandakı gərginlik səbəbindən ABŞ-ın gördüyü tədbirlər böyük ölkələrə çip investisiyalarını sürətləndirdi. Bu sürətlənmənin əsas səbəbləri bunlar idi:
• Dünyada çip istehsalının təxminən 70%-i Şərqi Asiya ölkələrində həyata keçirilir. Bu bölgədə Tayvanla bağlı ABŞ və Çin arasında siyasi, iqtisadi və hərbi gərginliyin çiplərin istehsalına və idxalçı ölkələrə çatdırılmasına mane olacağı ilə bağlı narahatlıqlar istehsalda “lokallaşma” meyllərini gücləndirdi.
• Çiplər avtomobil, məişət texnikası, maşınqayırma və elektronika sənayelərində əhəmiyyətli bir giriş olduğundan, çip tədarükü zəncirindəki pozulma və axsamalar sənaye istehsalını azalda bilər. Bu səbəblə xüsusilə G-20-yə üzv ölkələr çipləri öz ölkələrində istehsal etməyi hədəflədilər.
• 2015-ci ildən sonra dünya xarici ticarətində proteksionizm meylinin güclənməsi çiplərin “yerli və milli” istehsalının ön plana çıxması ilə nəticələndi.
• Elektron sistemlər və satınalmalar, bu ölkələrdəki problemlər və ya onların yüksək qiymətləri bütün sektorların istehsalına, məhsuldarlığına və iqtisadi artımına birbaşa təsir göstərir. Bu səbəbdən təsərrüfat idarələri elektronika, mexatronika və maşınqayırma sənayesini yerliləşdirməyə və xaricdəki şirkətlərini “vətənə qayıtmağa” çağırmağa üstünlük verdilər.
Ölkələrə görə yeni çip investisiyaları
Layihələri 2022-2023-cü illərdə hazırlanan və ya zavod binasının tikintisinə başlanan mühüm çip investisiyaları aşağıdakı kimi sıralanır:
ABŞ: Bu ölkədə 2022-ci ildə qəbul edilən Çip və Elm Aktı ilə ABŞ-ni yarımkeçirici material istehsalında yenidən liderliyə yüksəltmək hədəflənir. Son 30 ilin bu ən böyük sənaye sıçrayışında veriləcək təşviqlər və digər dəstəklər Çin ilə istehsal əlaqələrini davam etdirən şirkətlərə verilməyəcək. Şirkətlərin nəzərdə tutulan təşviqdən başqa məqsədlər üçün istifadəsinin qarşısını almaq və nəzarət etmək üçün 50 nəfərdən ibarət müfəttiş heyəti işə götürüləcək.
ABŞ-ın ən böyük IP şirkətləri “Intel”, “Qualcomm”, AMD (“Advanced Micro Devices”), “Micron” və “Nvidia” ölkəyə sərmayə qoymaq üçün layihələr hazırlayıb. 60-cı illərdən bəri çip istehsalı ilə məşğul olan “Intel” rəhbərliyi Aİ üzvü Almaniya, İtaliya, Fransa, İrlandiya, İspaniya və Polşaya ediləcək investisiyaların ümumi dəyərinin 33 milyard avroya çatacağını açıqladı. 2030-cu ilə qədər qoyulacaq investisiyaların ümumilikdə 80 milyard avroya çatacağı hesablanıb. 2014-cü ildə iflas ərəfəsində olan AMD məhsulun differensiallaşdırılması sayəsində yeni inkişaf sürəti qazandı.
“Qualcomm” və “Nvidia” şirkətləri isə innovasiyalara üstünlük verərək bazar paylarını artırdılar. “Micron Technologies” 1978-ci ildə dörd mühəndis tərəfindən konsaltinq şirkəti kimi yaradılıb. Kartof ticarəti ilə məşğul olan milyarder J. R. Simplotun dəstəyi ilə yarımkeçiricilər zavodu quran sahibkarlar yaddaş çipləri üzrə ixtisaslaşdılar. “Micron” üçölçülü və 232 qatlı 3D NAND çipini 2022-ci ildə istifadəyə verib və 2030-cu ilə qədər ümumilikdə 40 milyard dollar investisiya etməyi planlaşdırır. Cənubi Koreyanın “Samsung” şirkəti isə 17 milyard dollar xərcləyərək Texasın Ostin şəhərində yeni çip fabriki quracağını açıqladı. “Manufacturng” USA isə çip investisiyalarını dəstəkləmək üçün 2023-cü ildə üç tədqiqat institutu qurmağa qərar verdi.
Çin: 2018-2023-cü illər arasında Çində 52 çip fabriki istifadəyə verildi. Fabriklər quran sahibkarlara son dərəcə səxavətli gələcək nəsil təşviqləri verildi. Təşviqlər arasında 10 illik korporativ vergi immuniteti də var idi. Fərdi sahibkarlar tərəfindən nəzərdə tutulan, lakin həyata keçirilməyən layihələr dövlət tərəfindən həyata keçirilib. 100 ən böyük çip şirkətindən 40-ı dövlətin kapital qoyuluşu ilə yaradılıb. “Integrated Circuit Fund”un 2030-cu ilə qədər çiplərə ümumilikdə 150 milyard dollar xərcləyəcəyi açıqlanıb.
Tayvan: TSMC (Taiwan Semiconductor Manufactoring Company) 2021-ci ildə 30 milyard dollar sərmayə qoyduqdan sonra 2022 və 2023-cü illər üçün 40 milyard dollarlıq sərmayə həyata keçirməyi hədəfləyib. TSMC tərəfindən yaradılmış əqli mülkiyyət kitabxanası sektora aid elmi araşdırmaları və şirkətin istehsal çeşidi haqqında məlumatları ehtiva edir. Alıcılar bu kitabxananı nəzərdən keçirə və ehtiyacları üçün ən uyğun çipləri seçə bilərlər.
Avropa İttifaqı (Aİ): 2030-cu ilə qədər tədqiqat və inkişaf, işçi qüvvəsinin öyrədilməsi və istehsal fəaliyyətlərinə ümumilikdə 33 milyard avro xərclənməsini nəzərdə tutan Çip Qanunu 2022-ci il fevralın 8-də qəbul edildi. Çip investisiyalarının 2030-cu ilə qədər 80 milyard avroya çatması planlaşdırılır.
Fransa: “Intel” və Aİ-nin investisiyalarından başqa, bu ölkədə “Electronique 2030” proqramı çərçivəsində qurulacaq yarımkeçirici obyektlərə 5,6 milyard avro xərclənəcəyi bildirilib.
Almaniya: Türkiyədə də sərmayələri olan alman “Bosch” şirkətinin quracağı çip obyektinin 3 milyard avroya başa gələcəyi hesablanıb. “Intel” Almaniyada qurulacaq çip fabriki üçün 17 milyard dollar sərmayə qoymağa qərar verib. Çip investisiyalarının 2030-cu ilə qədər 50 milyard avroya çatacağı təxmin edilir.
İspaniya: Hökumət çip istehsalı üçün beş il ərzində 12,4 milyard avro investisiya nəzərdə tutan layihəni təsdiqləyib. Bu investisiya ilə avtomobil sektorunun rəqabət qabiliyyətinin artırılması hədəflənir.
Niderland: Böyük bir daxili bazarı olmayan Niderland çip istehsal edən və bir ədədi 140 milyon dollara satılan maşınların istehsalına diqqət yetirdi. Gənc sahibkarlar tərəfindən yaradılmış orta şirkətlər enerji, səhiyyə, avtomobil və digər sektorlarda yarımkeçiricilərin istifadəsində ixtisaslaşdılar.
Yaponiya: 80-ci illərdə çip istehsalında liderlik uğrunda ABŞ-a qarşı şiddətli mübarizə aparan Yaponiyada 2000-ci ildən sonra zəruri modernləşdirmə sərmayələrinin yalnız bir hissəsi həyata keçirilə bildi. Belə materialların istehsalı üçün “Sony” şirkəti Tayvanın TSMC şirkəti ilə əməkdaşlıq etdi, Kumamato şəhərinə isə 8,6 milyard dollarlıq sərmayə qoyuldu. 2022-ci ilin avqustunda dövlətin rəhbərliyi altında altı transmilli sənaye şirkəti və iki böyük bankdan ibarət konsorsium 2027-ci ilə qədər çip istehsalına 50 milyard dollar xərcləməyi planlaşdırdı.
Cənubi Koreya: 2021-ci ildə K-Nəsli Yarımkeçirici Strategiyasını elan edən Cənubi Koreyada ümumi dəyəri 55 milyard dollar olan üç illik super stimul paketi hazırlandı. ABŞ hərbi bazasının yerləşdiyi Pyeongtaek qarnizon şəhərində “Samsung”un qurmağa qərar verdiyi altı çip istehsal xəttinin üçüncüsü ötən ilin iyul ayında tamamlandıqdan qısa müddət sonra dördüncünün tikintisinə başlandı. Qalan iki istehsal xəttinin işə salınması üçün ümumilikdə 74,3 milyard dollar xərclənəcək. “Samsung”un illik investisiya xərcləri 15 milyard dollara çatır. “SK Hynix”in inşa etməyə başladığı fabrikin 11 milyard dollara başa gələcəyi təxmin edilir. Cənubi Koreyada 10 il ərzində yarımkeçiricilərin tədqiqi və istehsalı üzrə ixtisaslaşacaq 150 min mühəndisin yetişdiriləcəyi açıqlanıb.
Hindistan: Hindistanın böyük kapital qruplarından biri olan Tayvanın “Foxconn” və “Vedanta” şirkətlərinin ortaqlığı ilə qurulacaq yarımkeçirici fabriki 19,8 milyard dollara başa gələcək. “Tata” Şirkətlər Qrupu isə yarımkeçiricilər istehsalı üzrə ixtisaslaşmış Yaponiyanın “Renesas” şirkəti ilə əməkdaşlığa hazırlaşır.
Türkiyədə çip fabriki qurmağın zamanı gəldi
Türkiyədə yarımkeçirici material istehsalı ilə bağlı ilk təkliflər 9-cu Beşillik Plan üçün 2007-ci ildə hazırlanan Elektron İxtisas Komissiyası Hesabatına daxil edilib. Bu müddət ərzində bəzi qəhrəmanlar yarımkeçirici istehsalına başladılar. Bu sahədə qurulan şirkətlərin sayı bir əldəki barmaq sayından çox olmadı. Komissiya hesabatlarında həll təkliflərinə baxmayaraq, 10-cu Plandakı 24 Çevrilmə hədəfi arasında “rəqəmsal çevrilmə” hədəfinə yer verilmədi. 2015-ci ildə İnkişaf Planı hədəfləri üçün yenidən toplanan Elektron İxtisas Komissiyasının verdiyi tövsiyələr daha konkret idi, lakin yarımkeçirici material (qısaca çip) ekosisteminin qurulmasından illər keçdi. Elm, Sənaye və Texnologiya Nazirliyinin vəzifələrini üzərinə götürən Fikri İşıq və Faruk Özlünün səyləri də belə bir struktrun yaradılmasını təmin edə bilmədi.
İlk addımı dövlət atmalıdır
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank 2022-ci ilin dekabrında qatıldığı açılış mərasimində “Arçelik”in belə bir sərmayə qoyacağını düşünərək, bu təklifi irəli sürdü: “Məncə, bir çip yatırımı etmək “Arçelik”ə yaraşır. Gəlin birlikdə çalışaq və əlimizdən gələn dəstəyi verək. Çip sərmayəsini “Arçelik” ilə birlikdə ölkəmizə gətirək”. “Arçelik”dən bu təklifə hələlik konkret cavab verilməyib. Çünki aşağıdakı səbəblər belə bir yatırımın tək böyük bir şirkət tərəfindən edilməsini çətinləşdirirdi:
• Çip istehsalı müəssisəsinin tamamlanması 4 ilə qədər çəkə bilər.
• Bu müddət ərzində 5-10 milyard dollar arasında investisiya xərcləri tələb oluna bilər.
• Yatırılan sərmayənin geri dönüş müddəti gözləntiləri üstələyə bilər. Məsələn, Finlandiyanın məşhur texnoloji şirkəti “Nokia” yalnız 17 illik itkidən sonra gəlir əldə edə bilib.
• Dünya bazarlarında yarımkeçirici materialların qiymətləri tələb və təklif şərtlərindən və ehtiyat səviyyələrindən asılı olaraq tez-tez dəyişə bilər.
• Çip istehsalı üçün təcrübəli işçi qüvvəsi tapmaq çox çətindir.
Bu şərtlər özəl sektorun çip biznesinə daxil olmasını çətinləşdirdiyindən, demək olar bütün ölkələrdə ilk addımı dövlət atır. İqtisadiyyata dövlətin minimal müdaxiləsini müdafiə edən ABŞ-də belə, dövlət qanunlar qəbul etməklə, yeni nəsil stimullar verməklə və tədqiqat institutları yaratmaqla kapital qoyur.
Yapon modeli nümunə ola bilər
1980-ci illərdə dünya çip istehsalının 50 faizini əldə etdikdən sonra Yaponiya uzun qış yuxusuna yataraq bu sahədə liderliyini itirmişdi. Yaponiyada bu nisbət 2020-ci ildə 15 faizə enib. 2022-ci ilin avqustunda Yaponiya latınca “sürətli” mənasını verən “Rapidus” adı ilə yeni bir təşəbbüsə başladı. Bu şirkət 2027-ci ilə qədər 5G, kvant kompüterləri, sürücüsüz nəqliyyat vasitələri və Süni Zəka (SZ) proqramları üçün tələb olunan 2 nanometrlik çipləri işə salmağı hədəfləyib.
8 ən böyük yapon şirkətinin tərəfdaş olduğu müəssisənin ilkin kapitalının böyük hissəsi dövlət tərəfindən qarşılanıb. Təşəbbüsün digər ortaqları isə “Toyota”, “Sony”, NEC (elektronika), NTT (telekom), “Kioxia” (çip istehsalı), “Denso” (avtomobil ehtiyat hissələri, sensorlar), MUFG Bank (Türkiyədə filialları olan Yaponiyanın ən böyük bankı) və “Softbank” (texnoloji satınalma sahəsində fəaliyyət göstərən böyük investisiya bankı) oldu. Daha sonra ABŞ-nin IBM şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalandı.
Türkiyə çip istehsalında Yaponiya modelini nümunə götürə bilər. Bu investisiya üçün dövlətin rəhbərliyi altında iri holdinqlər, kapital qrupları, böyük banklar, məişət texnikası, avtomobil şirkətləri və müdafiə sənayesi müəssisələrindən ibarət konsorsium yaradıla bilər. Türkiyənin “texnoloji ölkə” olmasına töhfə verəcək belə bir sərmayədə kiçik təsərrüfat sahibləri də maraqlı ola bilər.
Maliyyə həlli
Çip istehsalı üçün investisiya qərarı verilərkən dövlət və Türkiyə Sərvət Fondu tələb olunan kapitalın ən azı 40 faizini qarşılamalıdır. Konsorsiumun digər tərəfdaşları da kapitalın formalaşmasında iştirak etdikdə əldə ediləcək ümumi resurslarla çip fabrikinin 4-5 ildən sonra istehsala başlaması mümkün ola bilər. Ötən əsrin 50-ci illərinin əvvəllərində yaradılan Türkiyə Sənaye İnkişaf Bankı özəl sektorun sahibkarlığının güclənməsinə mühüm töhfələr verib. Yeni dövrdə orta yüksək və yüksək texnoloji intensivliyə malik layihələri olan sahibkarları dəstəkləmək üçün Təkmil Texnologiya Kredit Bankı yaradıla bilər.
Qurulacaq çip müəssisəsinin və digər yüksək texnologiyalı İTT-lərin (İctimai Təsərrüfat Təşəbbüsü) əvvəlkilərdən fərqli təşkilatlanma və fəaliyyət tərzinə malik olması təmin edilə bilər. Qurulacaq yeni nəsil İTT-lərin idarə heyətinə təqaüdçü siyasətçilərin seçilməsinin və qurulan fabrikin hakim partiya üzvlərinin biznes ofisi kimi fəaliyyət göstərməsinin qarşısı isə qanuni sanksiyalar və ictimai təzyiq ilə alına bilər.
Elmi araşdırma dəstəyi
ABŞ administrasiyası ötən ilin yayında başlatdığı yarımkeçirici sənayesinin canlandırılması kampaniyasına dəstək vermək üçün 2023-cü ildə üç yeni nəsil institut yaratmağa qərar verib. Çip istehsalı ilə maraqlanan və ya məşğul olan biznes sahiblərinin, hətta startapların da üzv ola bildiyi bu təşəbbüslərin bənzəri Türkiyədə yaradıla bilər. 40 illik tarixə və təcrübəyə malik olan Yarımkeçiricilər Texnologiyası Tədqiqat Laboratoriyası (YİTAL) yenidən strukturlaşdırıla və təkmilləşdirilə bilər. Texnologiya sərmayələrinin diqqət mərkəzində saxlanılması və prioritetləşdirilməsi baxımından Cənubi Koreyanın təcrübəsindən faydalanmaq yaxşı nəticələr verə bilər.
Çip investisiyası gecikdirilərsə, nə ola bilər?
Mənbələr göstərir ki, çip investisiyası əvəzinə, gəlir yönümlü infrastruktur investisiyalarına yönəldildikdə aşağıdakı problemlər yarana bilər:
• Yerli avtomobil və məişət texnikası şirkətlərinin IP ehtiyaclarını idxalla qarşılaması xərcləri arta bilər.
• Ümumilikdə 75 milyard dollarlıq layihələrin həyata keçirilməsinin planlaşdırıldığı müdafiə sənayesində axsamalar yarana bilər.
• Cari hesab kəsirləri azaldıla bilməz.
• İqtisadiyyatın və sənayenin texnoloji intensivliyinin təkmilləşdirilməsi (upgrading) ləngiyər. Ümumi faktor məhsuldarlığını və milli gəlir artım templərini yüksəltmək çətinləşər.
Çiplərin tutumları artdıqda qiymətləri ucuzlaşdı
Silikon vadisində çip istehsalına başlayan qabaqcıllardan biri olan Qordon Mur (Gordon Moore) 1965-ci ildə elektronika və tranzistor texnologiyasının qeyri-adi sürətli inkişaf tempini aşağıdakı tapıntı ilə təcəssüm etdirmişdi: “Çip texnologiyasındakı irəliləyişlər, xərcləri artırmadan hər 18-24 ayda kompüterlərin tutumunu iki dəfə artırır”.
Əvvəllər “Fairchilds” şirkətində işləyən, “Intel”in qurucularından biri olan və bu il martın 24-də vəfat edən Mur gündəlik həyatda tərtib etdiyi qanunun nəticələrini aydın təsəvvür edirdi və texnoloji inkişafın nəticələri haqqında fikirlərini belə izah etmişdi: “Çiplər gələcəkdə ev kompüterləri və ya bir mərkəzdəki kompüterə qoşulan terminallar, avtomobillərdə avtomatik idarəetmə və şəxsi portativ rabitə cihazları kimi böyük ixtiralara imkan verə bilər”.
Sonrakı onilliklərdə bu texnoloji proqnozu tərtib edən şəxsin adı ilə “Mur Qanunu” kimi tanındı. Bu qanun 1965-ci ildən 2015-ci ilə qədər həmişə təsdiqlənib. Bu qanunun tətbiqi sayəsində hər növ qabaqcıl elektron hissələrin, cihazların və modulların qiyməti durmadan ucuzlaşdı. Tutum artımı və ucuzlaşmanın birləşməsi rabitədən genetikaya, nüvə fizikasından tibbə, maddi biliklərdən kənd təsərrüfatına qədər hər sahəyə təsir etdi. İnternet, smartfon və sosial media sosial həyatın hər sahəsində öz izini qoydu.
Kiçilən tranzistorlar və çiplər həmçinin nanotexnologiya, molekulyar biologiya, SZ və s. sahələrdə inkişafı sürətləndirdi. Çiplərin tutumları artarkən qiymətlərinin aşağı düşməsi isə böyük kütlələrin texnologiyanın nemətlərindən faydalanmasına şərait yaratdı.
ABŞ necə müqaviləli istehsal tələsinə düşdü?
1975-ci ildən sonrakı qloballaşma dövründə inkişaf etmiş ölkələr öz ölkələrində yüksək əmək haqqı və məsrəflərdən qaçmaq üçün yeni yollar axtarırdılar. Bu üsullardan biri də xarici ölkələrdə müqaviləli istehsal (contract manufacturer) həyata keçirəcək şirkətlərin tapılması idi. ABŞ-dakı ana şirkətin göydələnlərində yüksək texnologiyalı məhsulun dizaynı həyata keçirilir, kommersiyalaşdırma marşrutu qrafikləşdirilir və daha sonra düsturlar, layihənin təfərrüatlı istehsal planını ehtiva edən plan nüsxələri, prototip məhsul uzaqdakı aşağı tarifli ölkəyə göndərilirdi.
ABŞ-ın nəhəng texnologiya şirkətləri “offşorinq” adlanan bu xarici investisiya və istehsal üsulu üçün Şərqi və Cənub-Şərqi Asiyada Çin, Malayziya, Tayvan və Tailand kimi “aşağı maaşlı” ölkələri seçmişdilər. Bu tip müqaviləli istehsalda yerli işçilərə demək olar ki, səfalət maaşı səviyyəsində maaş verilirdi. Bu “şirin qazanc” sxemini quranlar bir müddət sonra xoşagəlməz sürprizlə qarşılaşdılar. Son illərin önəmli qadın iqtisadçılarından biri olan Diana Koyl bu sürprizin necə baş verdiyini belə izah edib:
“Effektiv bir fabrikdə planlaşdırıcılar və dizaynerlər istehsal səhvlərini düzəldirlər. Maşınlar işləyərkən işçilər və mühəndislər məhsuldarlığı artırmaq üçün yeniliklər kəşf edirlər. İstənilən fabrikdə bu həllər və yeniliklər dizayn komandasına çatdırılır. Bu rəylər sayəsində məhsulu innovasiya ilə təkmilləşdirmək mümkün olur. Amerikalıların “nou-hau”, bizim köhnə ustamızın “işin əsas yeri” adlandırdığı bu qiymətli, lakin kağız üzərinə keçirilməmiş “gizli” bilik yeni ixtiralara qapı açır, məhsuldarlığı və məhsulun keyfiyyətini artırır. ABŞ şirkətlərinin xaricdə qurduğu fabriklərdə və müqaviləli istehsal sistemində bu çox dəyərli bilik uzaqdakı ana şirkətə çata bilmədi.
Gizli bilik kasıb, lakin zəhmətkeş ölkələrin texniki işçilərinin və fəhlələrinin beynində yığılmağa başladı. Cənubi Koreya, Tayvan və Çindəki bəzi texnologiya şirkətləri öyrənmə prosesindən sonra ana şirkətin keyfiyyət səviyyəsinə çatan və hətta bəzi məhsullarda bu səviyyəni keçən istehsal tempinə nail oldu. 2022-ci ilin avqustunda elan edilən paketlə ABŞ administrasiyası ölkədə yüksək texnologiyalı investisiyalar edəcək sahibkarlara səxavətli təşviqlər təklif etdi. Bununla belə, itirilmiş gizli istehsal biliyini qısa müddətdə bərpa etmək asan məsələ deyil. Bunun üçün ölkədə yeni fabriklərin fəaliyyətə başlamasını və məhsulu inkişaf etdirəcək istehsal biliyinin beyinlərdə toplanmasını gözləmək lazımdır”.
Oxşar məqalələr
-
CHIPS qanunu yeniliklər gətirir| ABŞ-ın qabaqcıl çip istehsalı mərkəzi yaratmaq hədəfi
-
Nanotexnologiya bazarının həcmi durmadan artır - 2026-cı ilə qədər 35%-dən çox artım?
-
Polşa nano peykləri olan peyk sistemi quracaq
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı